Şirvan
şəhər Tarix – diyarşünaslıq muzeyi
Şirvan şəhər Tarix – diyarşünaslıq muzeyi 1980-ci ilin aprel ayından fəaliyyət göstərir.
Həmin dövrdə Azərbaycanın bir sıra rayon və şəhərlərində geniş muzeylər şəbəkəsi yaradıldı.
Qeyd etmək lazımdır ki, bu təşəbbüs ümummilli liderimiz mərhum Heydər Əliyevə məxsus
olub. Hal-hazırda Respublikamızda 201 muzey fəaliyyət göstərir,
onlardan 68-i tarix-diyarşünaslıq profillidir. Şirvan şəhər Tarix – diyarşünaslıq muzeyi 3 böyük bölmədən ibarətdir –
təbiət, qədim və müasir. Muzeyin ekispozisiyası 4 böyük və işıqlı zallarda yerləşdirilmişdir.
Birinci zalımızda Şirvan diyarının fauna və florası ilə tanış
oluruq. Hələ bizim eradan əvvəl Şirvan torpağını ilk dəfə seyr edən yunan səyyahı Strabon yazır
ki, “ əgər məndən yer üzünün cənnəti harada yerləşdiyini soruşsalar mən bu yerləri cənnət adlandıraram
”. Geoloji mate- riallar sırasında maraq doğuran eksponatımızdaşlaşmış ağac nümunələridir.
Bunlar Kürovdağ və Mişovdağ vulkanlarının ətrafında tapılmışdır.
Bu nümunələr qızılağac növünə mənsub olub, Şirvanda hələ milyon il bundan əvvəl geniş yayılmışdir.
Hazırda bu ağacların müasir növünə Qafqazda yeganə olaraq Talış dağlarında rast
gəlinir. Relikt bitki kimi, qorunub saxlanılır. Bundan əlavə Şirvan torpağında rast gəlinən müxtəlif quş və heyvanların müqavvaları
muzeyimizdə nümayış olunur(qartal, qırqovul, ördək, ibis quşu,
kirpi, su qunduzu, müxtəlif növ kəpənəklər - tovuz gözü
kəpənəyi, sədəf pərvanəsi, xortumlu kəpənək və s).
Muzeyimizin ikinci zalında diyarımızın qədim tarixini əks etdirən ekspozisiya
qurulub. Tamaşaçılar məhz bu zalda diyarımızın qədim tarixi haqqında qiymətli və maraqlı məlumatlar əldə edə
bilərlər. Respublikamızın sənaye mərkəzi olan Şirvan şəhəri yaxın vaxtlaradək müasir sovet şəhəri kimi
səciyyələndirilirdi. Lakin şəhərimizin və ümumiyyətlə diyarımızın
tarixində ilk dəfə aparılan arxeoloji tədqiqt işləri bu faktı təkzib
etdi. 2002-ci ildə AMEA-nın Arxeolojiya və Etnoqrafiya institunun əməkdaşları tərəfindən müasir Şirvan şəhərinin
1-1, 5 k/m məsafəsində Mişovdağın ətəklərində aparılan qazıntı işləri nəticəsində orta əsr şəhər qalıqları və qəbiristanlıq aşkar edilmişdir.
Məlum olub ki, şəhərin əsası təxminən XII əsrdə qoyulmuşdur, şəhərin 4 metr qalınlığında mədəni təbəqəsi tədqiq edilmişdir.
Əldə olunan arxeoloji materiallar sübut edir ki, orta əsr Şirvan (Əli-Bayramlı) şəhəri sənətkarlar səhəri olmuşdur.
Eyni zamanda bütün orta əsrlərdə olan şəhərlər kimi bu şəhərin əhalisi də maldarlıq və əkinçiliklə məşğul
olub.
Aşkar edilmiş zəngin arxeoloji materiallar şəhər əhalisinin məşkuliyyətinin çoxsahəli olduğunu təsdiq edir(dulusçuluq,
daşyonma, dəmirçilik, atçılıq, şüşə istehsalı və s). Geniş yayılmış sənəd növlərindən biri dulusçuluq olmuşdur.
Orta əsr şəhər ərazisində ayrıca, 2 yerdə dulusçuluq məhəlləsi aşkar edilmişdir.
Ümumən, 8 dulus kürəsi tapılmışdır. Bir qayda olaraq dulus kürələri Kür çayının kənarlarında inşa
edilirdi. Dulus kürələrində məişətdə geniş istifadə olunan müxtəlif növ saxsı qablar istehsal olunmuşdur.
Bişmiş və odadavamlı kərpicdən tikilmiş dulus kürələri şəhər əhalisinə yüzillərlə xidmət etmişdir.
Muzeyimizin ekspozisiyasında müxtəlif növ şirli və şirsiz qab nümunələri görmək
olar. Şirli saxsı məmulatları içərisində monoxrom (bir rəngli) və polixrom tipli qablar da az
deyil. Bundan başqa orta əsr şəhər qalığında yaşayış evlərin izləri açıq aydın görünür.
Evlər planlı şəkildə inşa edildiyindən ehtimal olunur ki, şəhərin memarı
olub. Yuxarıda qeyd etdiyimiz kimi, orta əsr şəhərinin qəbiristanlığı da aşkar edilmişdir.
Buradakı məzarların baş və sinə daşlarının üzərinə vurulmuş naxışlar şəhər əhalisinin daşyonma sənətinin yüksək inkişafından xəbər
verir. Hətta mütəxəssislər qeyd edirlər ki, baş daşları və sənduqələr (sinə daşları) üzərində həkk edilmiş naxışlar zərgar işi ilə müqayisə etmək belə çətindir.
Bütün bu faktlarla siz muzeyimizin “Arxeologiya” zalında tanış ola
bilərsiniz.
Növbəti, daxil olduğumuz üçüncü zal “ Etnoqrafiya” zalıdır.
Burada azərbaycan xalqının kütləviliyi ilə seçilən toxuculuq,
bədii tikmə və misgərlik sənət növlərinin tarixindən söhbət açılır.
Bu zalı əlvan rəngli xovsuz xalça məmulatları bəzəyir. Şirvan xalçaçılıq məktəbinə mənsub olan buradakı
kilimlər, palazlar, cecimlər, məfrəşlar,
xurcunlar, heybələr və s. nənələrimizin bənzərsiz, mahir ustalığından xəbər
verir.
Zəngin eksponatlarla misgərlik sənəti də nümayış
olunur. Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz,
Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil və s. olmuşdur. Zalımızı bəzəyən misgərlik nümunələri -
birəllilər, satıllar, güyümlər, sərpuşlar,
dövrələr, məcməyilər - XIX - XX əə. aid edilir. Nümayiş olunan qadın geyimi əlvan rəngləri ilə diqqətimizi cəlb
edir. Gümüş pullardan ibarət sinəbənd geyimə xüsusi yaraşıq
verir.
Muzeyimizin dördüncü zalına daxil
oluruq. Bu zal müasir dövrümüzü əhatə edir. Burada Şirvan şəhərinin sovet və müstəqillik illərində bütün
sahələrdə - sənayedə, səhiyyədə, təhsildə,
mədəniyyətdə-əldə olunmuş nailiyyətlər öz əksini tapmışdir.
Ekspozisiyanın hər bir mövzusundan ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin mədəniyyətə göstərdikləri diqqət və qayğıları ana xəttini təşkil
edir. Hələ 1982-ci ildə muzey işçilərinin respublika müşavirəsində ulu öndər Heydər Əliyev demişdir
ki, “muzeylər, söz yox ki, hər bir vətəndaşın öz diyarının,
rayonunun, kəndinin tarixinə bələd olması üçün də vacibdir.
Bir sözlə, tarix – diyarşünaslıq muzeyləri təşkil etməyin zəruriliyi göz qabağındadır."
Otuz yaşlı Şirvan şəhər tarix – diyarşünaslıq muzeyinin fondlarında bu gün 10 mindən artıq eksponat qorunub saxlanılır.
Muzey İCOM-un Azərbaycan Milli Komitəsinin üzvüdür. Respublikamızın iri muzeylərindən
biridir. ABŞ-dan, Türkiyədən, Avstriyadan, Rusiyadan, Koreyadan,
Pakistandan və s. ölkələrdən olan tamaşaçılar muzeyimizi ziyarət etmişlər.
|

|